Milli Məclisin deputatları ilə jurnalistlər arasında futbol yarışı keçirilib

Baxış sayı: 77

Milli Məclisin deputatları ilə Parlament Jurnalistləri Birliyinin üzvləri arasında Prezident İlham Əliyevin doğum gününə həsr olunmuş futbol yarışı keçirilib.

ATV.az xəbər verir ki,Parlament Jurnalistləri Birliyindən AZƏRTAC-a bildiriblər ki, Tofiq Bəhramov adına Respublika Stadionunda gərgin idman mübarizəsi şəraitində keçən oyun Milli Məclisin komandasının xeyrinə başa çatıb.

Milli Məclisin Gənclər və İdman Komitəsinin təşkilatçılığı ilə keçirilən və FİFA dərəcəli hakim Orxan Məmmədovun idarə etdiyi yoldaşlıq oyununda deputatlar 3, jurnalistlər isə 2 dəfə fərqləniblər.

Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov oyundan sonra jurnalistlərə bildirib ki, Azərbaycanda idman sahəsində olan inkişaf sevindiricidir: “Təbii ki, bu uğurlar Prezident İlham Əliyevin idmanın inkişafına yüksək diqqət və qayğısının nəticəsidir. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər bütün dünyaya səs salıb. Bu tədbiri keçirməklə Prezidentimizə təşəkkürümüzü bildirmək istəyirik. Dövlətimizin başçısı çıxışlarında həmişə deyir ki, sağlam həyat tərzi ən önəmli məsələlərdən biridir. Bu baxımdan belə bir qərar qəbul etdik. Gənclər və İdman Nazirliyinə, AFFA-ya, “Qarabağ” klubuna və şəxsən milli komandamızın baş məşqçisi Qurban Qurbanova, Parlament Jurnalistlər Birliyinə, Milli Məclisin deputatlarına, tanınmış idmançılarımıza təşəkkürümü bildirirəm ki, səsimizə səs verdilər. Bu oyun rəmzi məna daşıyırdı, kimin qalib gəlməsi önəmli deyildi. Əsas o idiki, möhtərəm Prezidentimizi doğum günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edək. Gələn il üçün də böyük planlarımız var. Regionlararası idman yarışları keçirmək istəyirik. Bununla bağlı danışıqlar davam edir”.

Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı deyib ki, Prezident İlham Əliyev hər zaman ad günlərini sadə insanlar arasında keçirib. Biz də sadə bir yolla Prezidentimizi təbrik etmək istədik. Onun Azərbaycanın inkişafı naminə gələcək işlərində uğurlar arzulayırıq. Bununla həm də bildirmək istəyirik ki, jurnalist olaraq hər zaman Prezidentimizin yanındayıq.

Oyunun nəticələri haqqında danışan E.Eyvazlı deyib ki, AFFA-nın hakiminin idarə etdiyi qarşılaşma yüksək səviyyədə keçib: “Olduqca maraqlı bir oyun izlədik. Jurnalistlər meydana qələbə əzmində çıxsalar da, sonda rəqib komanda daha üstün oldu. Amma ən əsası belə bir oyunun təşkili idi. Düşünürəm ki, hər iki komanda izləyənlər üçün maraqlı oyun sərgiləyə bildi”.

Milli Məclisin deputatı Mahir Abbaszadə bildirib ki, ölkədə idmanın inkişafı, onun kütləviliyi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Biz deputatlar da düşündük ki, jurnalistlərlə birlikdə belə bir yarış keçirək və bu da digər qurumlarda idmana marağı artırsın.

Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev qeyd edib ki, çox gözəl yoldaşlıq görüşü keçirildi: “Bu cür tədbirlər mətbuatla deputatlar arasında ünsiyyətin daha sıx olmasına, Azərbaycanda idmanın təbliğinə xidmət edəcək. Belə oyunların sayı çox olmalıdır. Təkcə deputatlar ilə jurnalistlər yox, başqa qurumlar da bu təşəbbüsə qoşulmalıdılar. Azərbaycanda idmana dövlət səviyyəsində dəstək verilirsə, təbii ki, hamı bu işə töhfə verməlidir. O ki qaldı, ilin yekununa, 2017-ci il Azərbaycan idmanı üçün olduqca uğurlu, düşərli keçdi. İdmançılarımız həm Bakıda təşkil edilən yarışlarda, həm də dünya arenalarındakı böyük turnirlərdə gözəl nəticələr əldə etdilər. Bu da onu göstərir ki, idmana qayğı ildən-ilə öz bəhrəsini verir”.

Veteran futbolçu İsgəndər Cavadov hər iki komandanın oyununu maraqla izlədiyini qeyd edib. Bildirib ki, belə bir oyunun təşkili yaxşı haldır. Hər iki komandaya azarkeşlik edirdim. Bu cür yoldaşlıq görüşlərinin sayını artırmaq lazımdır.

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov isə deyib ki, bu il Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, ölkəmizin idman sahəsində əldə etdiyi uğurlar gənclərə göstərilən qayğının bariz nümunəsidir. Deputatlardan və jurnalistlərdən ibarət komandalar böyük stadionda yaxşı oyun nümayiş etdirdilər. Onu da deyim ki, tamaşaçıların həyəcanı oyunçulardan daha çox idi.

Qeyd edək ki, yoldaşlıq oyununu izləyənlər arasında AFFA-nın baş katibi Elxan Məmmədov, Gənclər və İdman Nazirliyinin aparat rəhbəri Rüfət Həsənov, futbol üzrə milli komandamızın və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, Milli Məclisin deputatı Ülvi Quliyev, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, sərbəst güləş üzrə yığmanın baş məşqçisi Firdovsi Umudov, veteran futbolçular İsgəndər Cavadov, Səməd Qurbanov, Oqtay Abdullayev, Asim Xudiyev, Dmitri Kramarenko, güləşçilər Toğrul Əsgərov, Hacı Əliyev, Cəbrayıl Həsənov, eləcə də şou-biznes nümayəndələri, əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimov, Müşfiq Abbasov və başqaları var idi.

ATV.az