“Qarabağ”ın qara dərdi - Qalmaz belə, qalmaz futbol

Baxış sayı: 679

Ötən gecə biz, siz, qonşumuz Kərəm kişi və hətta ağbirçək Güləndam nənə “Qarabağ” – “Çelsi” oynunu seyr etdik. Kimi canlı olaraq stadiondan, kimi LSD monitorlardan, kimi isə qədim “Supra”ların qabağına əyləşib, “Qarabağ”dan möcüzə gözləyirdi və qənaətbəxş bir nəticəyə ümid edirdi. Axı onsuzda gözləmək və ümid etmək, necə deyərlər, alnımıza yazılıb.

Lakin Qarabağ regionu ilə bağlı ümidlərimizi  Minsk qrupunun həmsədrləri puç elədiyi kimi “Qarabağ” klubu ilə  ümidlərimizi Nelson de Souza adlı şəx(siyyətsiz) heç etdi. Antonio Kontenin erkən qol arzusunu ürəyində qoymamaq üçün əlindən gələni edən portuqaliyalı hakim sanki illüziyaçıya dönərək, yox yerdən bir penalti çıxartdı. Və bonus olaraq o penaltinin yanındada bir qırmızı vərəqə. Özüdə ki adi bir oyunçuya yox, bugünkü “Qarabağ”ın siması, rəmzi və kapitanı olan Rəşad Sadıqova.  

Bununla hakim bizə, sizə, qonşumuz Kərəm kişiyə və hətta Portuqaliyanın harada yerləşdiyini belə bilməyən Güləndam nənəyə bütün yaxın qohum-əğrəbasını Azərbaycana da  yaxınlaşdıraraq, milli folklorumuzda hətta illərnən işlənməyən sözlərlə belə yada saldırdı.

Lakin nə fayda. Olan bizə oldu. 68 min tamaşaçının gözü önündə 64 hesabı ilə məhz “Qarabağ” uduzdu. Bəli, uduzdu. Amma şəxsən mən “Çelsi”nin azarkeşi olsaydım qəti sevinməzdim. Bu cür qələbələr zəngin tarixi və nəhəngliyi olan kluba yalnız ləkə gətirə bilər, qürür yox. O ki qaldı “Qarabağ”a…  

İki oyuna “Çelsi”dən 10 top buraxıb, cəmi bircə dəfə yalnız onun qapısının dirəyini titrətməyi bacaran klubumuz oyunu, əlbəttə ki, bu nəticəyə görə alqışlanası deyil və hakimin qərəzliyindən də bayraq kimi istifadə edərək, bu oyuna bəraət qazandırmaq olmaz. Amma, gəlin unutmayaq - bu həmin “Qarabağ”dır ki, Çempionlar Liqasında iştirakını bitirən kimi “Keşlə” , “Sumqayıt” və “Səbayıl” kimi klublarla görüşəcək və “Çelsi”ni necə “Liverpul”, “Mançester”lər və “Arsenal” gözləyirsə, Ağdam klubunu da yuxarıda sadaladığım klublar gözləyir. Bu halda biz “Qarabağ”dan nə gözləyə bilərdik? Səkkiz klubla keçirilən Azərbaycan çempionatının nümayəndəsindən bundan artıq nə gözləyirsiniz? Möcüzə bir dəfə olursa da, Ağdam klubu bizə onu iki dəfə - “Atletiko” ilə oyunlarda yaşatdı.Gəlin razılaşaq ki, “Topaz premier-liqasından” ingilis premier-liqasına keçid başqa nəticə verə bilməzdi! Hələ ki verə bilməzdi. Lakin bu futbol dünyamız belə qala bilməz. Inanıram ki, “Qarabağ” möcüzəsi öz sözünü yenə də deyəcək. Dünən deyə bilməsə də sabah mütləq deyəcək…

Vüqar VÜQARLI

ATV.az