Sadəcə Vüqar Həşimov Azərbaycan şahmatının sönməz ulduzu

Baxış sayı: 371

Bu gün Azərbaycanın və dünyanın tanınmış şahmatçılarından biri olmuş Vüqar Qasım oğlu Həşimovun vəfatından 4 il ötür. 

ATV.az şahmat tariximizin erkən sönən ulduzunun keçdiyi qısa və şərəfli yolu oxucular üçün işıqlandıracaq. Vüqar Həşimov 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub.şahmata uşaq yaşlarından maraq göstərib. O, ölkəyə "Şahmat klubu" verilişindəki çıxışları ilə tanınıb. 2002-ci ildə lazımi prossedurları keçən Həşimov qrossmeyster dərəcəsinə layiq görülüb. Bundan əvvəlsə o, artıq 3 dəfə Azərbaycan çempionu adını təsdiqləmişdi. 1995, 1996 və iki illik fasilədən sonra,1998-ci ildə ölkənin ən güclü zəka sahibi adına layiq görülüb. 2008-ci ildə Azərbaycan şahmatının FİDE-nin reytinq sıralamasında ilk iyirmilikdə ilk dəfə olaraq üç şahmatçıyla  təmsil olunması məhz onun adı ilə bağlıdır.

Azərbaycan müasir şahmatının flaqmanı Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun ardınca Vüqar Həşimov gəlirdi. Vüqar əsasən öz görüşlərini üçüncü lövhədə keçirirdi. Teymur və Şəhriyarın bir növ kölgəsində qalmışdı. Ancaq qələbələrin çoxu məhz Vüqarın timsalında qazanıldı. Bununla da Azərbaycan şahmat tarixinin ən böyük uğurunun qazanılmasında əsas pay sahibi oldu. Bu nəticələrdən sonra Vüqar özünə qarşı olan "üçüncü" münasibətdən dolayı haqlı narazılıqları ilə yadda qaldı. Elə bu səbəbdən Azərbaycan Şahmat Federasiyası onun adını 2010-cu il Şahmat olimpiadasında yığmanın heyətinə daxil etmədi. Federasiya və KİV-lər onun bu narazılığını eqoizm adlandırıb bu ədalətsizliyə haqq qazandırdı. Amma bu Vüqarın şahmatdan gedişi olmadı. Mütəmadi olaraq şəxsi yarışlarda zəkasını sınayan Vüqar Həşimov  2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi oldu. Bu parlaq nailiyyət FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında öz əksini tapdı. Vüqar Həşimov Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşdı. Vüqar Həşimov 11 yanvar 2014-cü ildə beyin xərçəngindən müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib. 14 yanvar 2014-cü ildə mərhumla vida mərasimi Respublika Şahmat Mərkəzində təşkil olunmuş; o, həmin gün III Fəxri Xiyabanda dəfn edilmişdir.

ATV.az