Paytaxtda silah və narkotik satan şəxslər tutulub

Baxış sayı: 53

Paytaxt ərazisində odlu silah və narkotik maddələrin alqı-satqısı ilə məşğul olan şəxslər polisin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ATV.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Xətai rayon sakini Zülfüqar Cəfərovda odlu silah-sursat olduğu barədə əməliyyat məlumatı daxil olub.         

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, şübhəli şəxs qismində saxlanılaraq  Baş İdarəyə gətirilib. Z.Cəfərovun üzərinə baxış zamanı ondan “Beretta” markalı tapança və 3 ədəd patron aşkar edilərək götürülüb. 

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb.

Belə ki, paytaxt sakini Ziya Ağayev 1 kiloqram narkotik vasitə olan qurudulmuş marixuananı Nizami rayonu ərazisində 6000 manata satmaq istəyən zaman polislər tərəfindən tutulub.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

NÜBAR NİYAZİQIZI//ATV.az