Dünyanın ən rahat həbsxanaları Bu cəza evlərinə girənlər çıxmaq istəmirlər

Baxış sayı: 2020

Dünyada elə həbsxanalar var ki, öz rahatlığı ilə dünyanın bir sıra otellərini geridə qoyurlar. Məsələn, Norveçdə, adada yerləşən "Bastoy" həbsxanası... Həbsxanada qətllərdə, təcavüz və yaxud narko-ticarətdə təqsirləndirilən yüzlərlə cinayətkar məhkumluq həyatı yaşayır. Lakin onların burada yaşadığı həyatı “məhkumluq həyatı” adlandırmağa adamın dili gəlmir. Burada heç bir məhdudiyyət və yaxud elektrik cərəyanına qoşulmuş məftillər yoxdur. Məhkumların özləri isə rahat kiçik kotteclərdə yaşayırlar. Onlar burada kənd təsərrüfatı ilə məşğul olur, məhsul yığır, heyvan saxlayır və bəzən də meşə qırmağa cəlb olunurlar. Bundan əlavə, əla çimərlik, balıq tutmaq üçün yer, tennis kortları, sauna və hətta at sürmək üçün ərazilər də onların xidmətindədir.

Norveçin daha bir həbsxanası – "Halden" həbsxanası da dünyanın ən rahat həbsxanalarından biri hesab olunur. Burda azadlıqdan başqa hər şey var desək yanılmarıq. Adı çəkilən məhbəsin hər kamerasının öz hamamı, soyuducusu və televizoru var. Həbsxananın böyük pəncərələri isə insanın özünü daha da rahat hiss etməsinə şərait yaradır.

Dünyanın ən rahat həbsxanaları arasında avstraliyalı memar Joseph Hohensin tərəfindən inşa edilən "Justice Center Leoben" adlı həbsxananın da adı var.Həbsxanadan çox otelə bənzəyən bu cəzaçəkmə evində məhbuslar dəmir barmaqlıqlar arasında dünyadan təcrid olunmaq əvəzinə rahat otaqlarda qalır, ürəkləri istədikləri yeməkləri istədikləri vaxt yeyə bilirlər.İdman etmək üçün yaradılan şərait də öz yerində.

NÜBAR NİYAZİQIZI//ATV.az