Azərbaycanın mədəniyyət naziri Luvr muzeyinin açılışında olub Abu-Dabidə

Baxış sayı: 62

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Abu-Dabi Luvr muzeyinin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təmsil edib.

ATV.az AZƏRTAC-a istinadən xəbər verir ki, Abu-Dabinin vəliəhdi, BƏƏ silahlı qüvvələrinin ali baş komandanının müavini Məhəmməd bin Zayed Əl Nəhyan qonaqları qarşılayaraq, dəvəti qəbul etdiklərinə görə nümayəndə heyətlərinin rəhbərlərinə təşəkkürünü bildirib.

Tədbirdə Mərakeş və Bəhreyn kralları, Fransa və Əfqanıstan prezidentləri ilə yanaşı, Omandan və Səudiyyə Ərəbistanından yüksək vəzifəli şəxslər iştirak ediblər.BƏƏ-nin Vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Raşid bin Məhəmməd Əl Məktum Abu-Dabi Luvr muzeyinin açılmasının ərəb dünyasında bir ilk olduğunu qeyd edib. O, muzeydə eramızdan əvvəlki dövrlərdən müasir tariximizin müxtəlif mərhələlərinə aid eksponatların nümayiş olunduğunu bildirib.

Fransa Prezidenti Emmanuel Makron muzeyin Yaxın Şərqdə, eləcə də ərəb dünyasındakı əhəmiyyətindən danışaraq, mədəniyyətlər və sivilizasiyalararası dialoqa, tolerantlıq və dünyəvilik kimi dəyərlərə xüsusi diqqət yetirən BƏƏ rəhbərliyinə minnətdarlığını ifadə edib. O, muzeyin açılmasının İslam və ərəb dünyası ilə əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini diqqətə çatdırıb.Tədbir çərçivəsində nazir Ə.Qarayevin BƏƏ-dən olan həmkarı Rim Əl-Kəabi ilə görüşündə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, Luvr muzeyinin adını istifadə etdiyi üçün BƏƏ Fransaya 525 milyon dollar ödəyəcək. Abu-Dabi sahilindən 500 metr uzaqlıqdakı adada tikilən metal qübbəli binanın dizaynı fransız memara məxsusdur. Bu, Fransadan kənarda Luvr adını daşıyan ilk muzeydir. 30 illik razılaşma üçün ərəblər Fransaya əlavə 663 milyon funtsterlinq də ödəyəcək. Burada Vinsent van Qoq, Leonardo da Vinçi və digər məşhur rəssamların əsərləri sərgilənəcək. Tabloların təhlükəsizliyi isə Abu-Dabiyə 750 milyon dollara başa gələcək.

Muzeyin tikintisinə 2007-ci ildə başlanılıb. 2012-ci ildə açılması planlaşdırılsa da, tikinti 5 il gecikmə ilə başa çatıb.

NÜBAR NİYAZİQIZI//ATV.az