Tofiq Quliyev – 100 Fəxri Xiyabanda bəstəkarın xatirəsi anılıb

Baxış sayı: 101

Bu gün görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin doğum günüdür. Sənətkarın 100 illiyi münasibətilə Fəxri xiyabanda anım tədbiri keçirilib. Tanınmış incəsənət və mədəniyyət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Xalq artistləri Firəngiz Əlizadə və Siyavuş Kərimi çıxış edərək böyük sənətkarın bəstəkarlıq fəaliyyətinin bənzərsizliyindən söhbət açıblar. Bildiriblər ki, Tofiq Quliyev mahnıları ilə milyonlarla dinləyicinin qəlbini fəth etməyi bacarıb. O, Azərbaycan xalqının qəlbinə təkcə sənəti və musiqisi ilə deyil, eyni zamanda, şəxsiyyəti ilə yol tapan görkəmli ziyalılardandır. Azərbaycanın Xalq artisti, kinorejissor və ssenarist Eldar Quliyev bəstəkarın həyat və yaradıcılığında şahid olduğu məqamlardan danışıb. Atasına göstərilən yüksək münasibətdən söhbət açan Eldar Quliyev deyib: “1997-ci ildə Tofiq Quliyevin 80 illiyinə həsr olunan yubiley mərasimində Ulu öndər Heydər Əliyev bəstəkara xitabən bildirmişdi ki, vaxt gələcək hər şey dəyişəcək, yaddan çıxacaq, ancaq Tofiq Quliyev musiqisi yaşayacaq”.

NÜBAR NİYAZİQIZI//ATV.az