“Atletiko” üçün Çempionlar Liqası əldən getdi? “Qarabağ” möcüzəsi davam edir

Baxış sayı: 1756

Artıq Çempionlar Liqasının qrup mərhələsinə çıxmaqla adını bu turnirin tarixinə yazdıran “Qarabağ” ötən axşam növbəti dəfə Azərbaycanın azarkeş ordusunu  və ümumiyyətlə, bütün xalqını sevindirdi.

Avropanın rəsmən ikinci olan klubu ilə heç-heçə etmək, qitənin 78-ci klubu üçün möhtəşəm uğurdu desək, yanılmarıq. Ən optimist azarkeşlərin belə inanmadığı nəticəyə imza atan (həmkarım Sənan Şəfizadə istisna olmaqla)  “Qarabağ”   danılmaz aksiomanı yenə də təsdiqlədi -  futbolda mümkün olmayan heçnə yoxdur! Əsas özünə inanmaqdır.  Bu inamı isə  “Qarabağ”  futbolçularının beyninə yeridən, onları “başlarından yuxarı tullanmağa” təkan verən qüvvənin adı QURBAN QURBANOVDUR!

Düzdür, futbolda başqa bir deyim də var - "uduzan məşqçidir, udan isə - komanda". Lakin, necə deyərlər, istisnalar qaydanı yalnız təsdiq edir. “Qurban Qurbanov istisnası” bizim məşqçimizin necə xarizmatik və güclü şəxsiyyət olduğunu, peşəkarlıqda heçdə brend məşqçilərdən bəzi hallarda geri qalmadığını bütün varlığı ilə göstərir. “Qarabağ” futbolçularının bütün hallarda nizam-intizamlı olmağı, qələbəyə köklənməsi, indiyədək ölkə klublarımızdan görmədiyimiz pressinq tətbiq etmək bacarığı məşqçi fəaliyyətinin izi deyilsə, bəs nədir?

Ndlovu kimi çılğın bir insanın mübahisəsiz, hakimın heç də birmənalı qarşılanmayan qərarıyla razılaşması, digər oyunçuların daim fair-play qaydalarına əməl etməyi, komandanın bütünlüklə bir məqsədə doğru addımlaması  - bu “məşqçi əli”nin gücü deyilsə, bəs nədir?

Və ən əsas da odur ki, Qurbanovun yeritdiyi futbol siyasəti öz uğurlu nəticələrini verməkdədir. Çempionlar Liqasının qrup turnirinə çıxmaq bu uğurun bir pilləsi idisə, Avropanın ikinci klubunu qələbəyə həsrət qoymaq artıq daha yüksəkdə olan ikinci pillədir. Əlbəttə, bu heç-heçə “Atletiko”nu qıcıqlandıracaq, və Madriddəki cavab görüşündə “ ağ-qırmızılar”  “Qarabağa” nəinki qalib gəlmək, hətta onu "darmadağın" etməyə də çalışacaqlar. Amma, hələ ki bizim “Qarabağ” hər şeyi darmadağın edir - bizim futbolumuz barədə pessimist düşüncələri, hansısa top-klubla bərabər oynamaq mümkünsüzlüyü fikirlərini və ən nahəyət bədnam qonşularımızın “ikinci erməni dövlətini” tanıtmaq arzularını... Cəmi üç oyuna “Qarabağ” təkbaşına Qarabağın yalnız və yalnız Azərbaycana məxsusluğunu,  Avropalıların beyninə o qədər yeridib ki, bunu heç bir fransız hakimi ya da siyasətçisi şübhə altına artıq qoya bilməz. Və bacarmaz da. Hətta “qırmızı” vərəqələrin və "qırmızı" sifətlərin köməyi ilə belə...

Vüqar VÜQARLI//ATV.az