ADU-da İctimai Nəzarət Şurası yaradıldı

Baxış sayı: 232

Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının qərarına əsasən universitetdə 13 nəfərdən ibarət İctimai Nəzarət Şurası yaradılıb.

ATV.az-ın məlumatına görə, ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev Şura üzvləri ilə görüş keçirib və təşkilati məsələlərə baxılıb. Universitetdə aparılan islahatlar və tədris prosesinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışan Ə.Abdullayev bu istiqamətdə bir sıra vacib qərarların qəbul olunduğunu, mühüm yeniliklərin tətbiq edildiyini diqqətə çatdırıb. ADU-nun bütün kurslarında təhsil alan tələbələrlə, həmçinin professor-müəllim heyəti ilə çoxsaylı görüşlər keçirdiyini deyən Ə.Abdullayev bu görüşlərin qarşılıqlı müzakirə şəraitində keçdiyini, bir sıra maraqlı təkliflərin irəli sürüldüyünü qeyd edib.

Ə.Abdullayev bildirib ki, İctimai Nəzarət Şurasının öz işini səmərəli təşkil etməsi üçün universitetin əsas binasında xüsusi otaq ayrılıb. O, Şura üzvlərinin imtahan sessiyasının gedişini izləməsi üçün hər cür şərait yaradılacağını vurğulayıb. Müzakirələrin sonunda İctimai Nəzarət Şurasının fəaliyyət planının hazırlanması ilə bağlı İşçi qrupunun yaradılması barədə qərar qəbul edilib.