Qətərin Azərbaycandakı səfiri:“30 ildən artıqdır ki, “Real”ın pərəstişkarıyam”

Baxış sayı: 954

ATV.az “Səmimi səfir” rubrikasının növbəti qonağını oxucularına təqdim edir. Buyurun - tanış olun, Qətərin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli  Səfiri Yusif bin Həsən əl-Saai.

Qeyd edək ki, cənab səfir ilə görüşümüz Qətər səfirliyində baş tutdu və bizim çox səmimi söhbətimizdəvə isti münasibətlərin yaradılmasında  səfirliyin əməkdaşı  İlham Qarayev yardımçı oldu.

Cənab səfir, Azərbaycana təyinat almadıqdan öncə ölkəmiz haqqında nə bilirdiniz? Eşitdikləriniz gördüklərinizi doğrultdumu?

Əlbəttə, bura gəlməmişdəm öncə də Azərbaycan haqqında kifaət qədər məlumatlarım var idi. Bilirdim ki, Qafqaz regionunda ən önəmli dövlətlərdən biridir, bilirdim ki, inkişaf etmiş ölkədir. Amma inkişafın bu dərəcədə olduğunu bilmirdim! Bu mənim üçün xoş sürpriz oldu. Cavan nəslin dinə bu qədər ürəkdən bağlılığını bilmirdim, sizin məsçidlərə girəndə dəfələrlə bunun şahidi oluram. Insanların çox qonaqpərvər olması mənə xoş oldu. Hara gediriksə, bizi hamı gülər üzlə qarşılayır, hər bir istəyimizi dərhal yerinə yetirməyə çalışır. Qonaqpərvərliyiniz həqiqətəndə  fantastik və nümunəvidir!

Bakı haqqında fikirləşəndə hansı 3 söz ilk olaraq yada düşür?

“Bakı” dedikdə ilk növbədə  təhlükəsizlik yada düşür. Bakıda insan özünü çox rahat hiss edir, əmin-amanlıqdır, sakitçilikdir.  Ikinci- təmizlik. Şəhərin küçələri tər-təmizdir, insanlarda bu təmizliyə riayət edirlər. Və nəhayət, gözəllik. Bakı çox gözəl, çox cəzbedici şəhərdir, onun bir çox baxımlı yerləri var. Xüsusən də İçərişəhərdə - dövlətin tarixini və keçmişini əks etdirən bir məkanda.  Dənizkənarı Parkda mənim çox xoşuma gəlir. Mən hələ çoxsaylı və dadlı yeməkləri olan restoran və kafeləri demirəm.Əlbəttə ki,“Bakı”, “Azərbaycan” dedikdə ləziz yeməklər yada düşür - onlardan doymaq olmur (gülür). Birdə ki,  bunu mütləq qeyd etməliyəm, xalçalar. Mən bura gələn hər bir qonağıma da Bakıdan  suvenir kimi, bir yadıgar kimi xalça almağı tövsiyə edirəm. Onların müxtəlif ölçüdə, müxtəlif ornametndə olmağı xüsusilə diqqəti cəlb edir.

Bəs, ümumiyyətlə, ölkəmizdə ən sevdiyiniz məkanlar hansılardır?

Azərbaycanda ən xoşladığım məkan Qubadır - oranın gözəl meşələri, havası var. Qış vaxtı hər tərəf qar olur, daha da gözəlləşir. Bilirəm, ölkənizdə bir çox başqa gəzməli bölgələr də var, amma təəsüf ki, vaxt qıtlığından Azərbaycanın bu yerlərdə hələ ki, olmamışam.

Bizim xalqları birləşdirən xüsusiyyətlər varmı? Və əksinə - məhz Azərbaycana, azərbaycanlılara xas olan hansı xüsusiyyəti, hansı yazılmamış qanunu qeyd edə bilərsiniz?

Bizim xalqları birləşdirən ailəyə və qohumlara bağlılıq, böyüklərə hörmətdir.  Sizdə də bizdə də, xeyirdə-şərdə bütün qohumlar bir yerə yığışır, dərdləşir və ya sevinirlər. Bizdə də, buradakı  kimi, yaşlı adamlara xüsusi hörmətlə yanaşırlar.

Qətər haqqında danışanda fəxrlə nəyi, hansı nailiyyətləri, hansı sərvətləri və brendləri qeyd etmək olar?

Birinci, əlbəttə ki,  “Əl-Cəzirə” kanalı  ilə. Bu telekanalı xəbərlərlə maraqlanan bütün insanlar tanıyır və biz bununla fəxr edirik. Bizim aviaşirkətimiz olan “Qatar Airways” də bütün dünyada məşhurdu. Bundan başqa,  indi “Qətər” dedikdə hamının yadına ilk olaraq 2022-ci ildə burada keçiriləcək futbol üzrə dünya çempionatı düşür. Biz bununla qürur duyuruq və ölkə rəhbərliyimiz futbolun inkişafı üşün, bütövlükdə idmanın inkişafı üçün əlindən gələni edir.Bizim ölkə birinciliyində dünyanın ən məşhur futbol simaları oynayıb - Batistuta və Kanicadan tutmuş Qvardiola və Raula qədər.

Səfir üçün nə daha çətindir -  övladlarına  nəzarət etmək, yoxsa səfirliyin əməkdaşlarına?

Mən heç vaxt tabeçiliyimdə olan əməkdaşlara  yuxarıdan aşağı baxmamışam, onları təhqir etməmişəm. Əməkdaşlarla gərək övladların kimi rəftar edəsən, onların problemləri ilə maraqlanasan, onlara təkcə rəis yox, dost, böyük qardaş olmağı da bacarasan, səmimi olasan. Onda bir komanda olur, birlik olur, iş də rahat gedir. Əməkdaş bu qayğını hiss etməlidir ki, işə də can yandırsın.

Azərbaycanda rəsmi və qeyri rəsmi görüşlər zamanı içməyə ən çox çay təklif olunur. Bəs Qətərdə hansı içkiyə üstünlük verilir?

 Qətərdə də çayı çox sevirlər. Amma bizim öz qəhvəmiz var, qətərsayağı qəhvə. O yalnız bizdə, Qətərdə olur. Biz səfirlikdədə sizin kimi hörmətli qonaqlarımıza onu dadmağı  təklif edirik.Onun özünəməxsus, spesifik bir təmı var.

Sirr deyil ki, Azərbaycan mətbəxi çox zəngindir. Bizim mətbəxtdə sevimli yeməkləriniz varmı? Sizi ən  çox təəccübləndirən hansı yeməyimiz oldu?

 Əlbəttə ki, kabablar. Onların hər bir növünün fantastik dadı var.  Sonra “şah-plov” xoşlsayıram... Burada çox təriflənən “xaş”dan o qədər də xoşum gəlmədi. Amma mənə dedilər ki ən yaxşı xaş restoranda yox, ev şəraitində hazırlanan “xaş”dır.

Hobbiniz varmı? Ona Azərbaycandavaxt ayıra bilirsinizmi?

Buna hobbi demək olarsa, bir hobbim var - o da futboldur. Boş vaxtlarımda futbol oynamağı çox sevirəm.  30 ildən artıqdır ki,Madridin “Real” komandasının pərəstişkarıyam.  Ispan futbol ulduzlarının Qətər futbolunun inkişafında çox böyük rolu var. Onlar Qətər çempionatında oynamaqla bizim millətə futbolu daha da sevdirdilər.

 Birdəki, mütaliə etməyi çox xoşlayıram. Boş vaxtım olan kimi çalışıram hansısa bir kitabı oxuyum.

Üzgüçülüklə aranız necədir? Bakı dəniz sahilində yerləşdiyinə baxmayaraq, bizim ölkə güclü üzgüçülər yetişdirə bilmir. Sizdə də vəziyyət eynidir. Sizcə bunun səbəbi nədir?

Tamamilə düzgün buyurursunuz. Amma biz bu idman növünün inkişafı üçün Qətərdəki üzgüçülük federasiyası vasitəsilə bir çox işlər görürük. Arzu edirik ki, yaxın gələcəkdə  bu sahədə yaxşı nəticələr əldə edək.

Uşaqlıqda hansı peşənin sahibi olmaq istəmisiniz?Nə vaxt anladınız ki, dipıomat olacaqsınız?

Uşaqlıq illərində müxtəlif ölkələri gəzmək arzusunda olduğum üçün atam məni özü ilə getdiyi  xarici səfərlərə aparırdı. Arzum ölkəmə xidmət etmək naminə diplomatiyada çalışmaq idi. Bu da mənə bir çox dövlətlərə səfər etmək və orada yaşayan xalqlar və  onların mədəniyyəti ilə yaxından tanış olmaq imkanı verir. Şükürlər olsun Allaha ki, arzuma çata bildim.

Vüqar VÜQARLI

Foto Rövşən Əliyev

 

 


Bölməyə uyğun digər fotoalbomlar