Elmar Məmmədyarov BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının İcraçı katibinin müavini Abdalla Hamdok ilə görüşüb

Baxış sayı: 40

Xarici işlər naziri Elmar Məmmədyarov Efiopiyaya səfər çərçivəsində BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının İcraçı katibinin müavini Abdalla Hamdok ilə görüşüb.XİN-dən ATV.az-a verilən məlumata görə, görüşdə Abdalla Hamdok BMT-nin Afrika üzrə İqtisadi Kommissiyasının fəaliyyəti, həyata keçirdiyi layihələr barəsində ətraflı məlumat verdi.

Elmar Məmmədyarov bu il Azərbaycan və BMT arasında uğurlu tərəfdaşlığın 25 illiyinin qeyd olunduğunu bildirərək xüsusilə müstəqilliyinin ilk illərində BMT və onun ixtisaslaşmış qurumlarının ölkəmizə dəstəyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Ölkəmizin yoxsulluğun aradan qaldırılması, təhsil, səhiyyə, məşğulluq, gənclər və idman siyasəti sahəsində əldə etdiyi nailiyyətlərindən, ASAN xidmət təcrübəsindən və regional əməkdaşlıq, sülh və çiçəklənməyə verdiyi töhfələrindən danışan nazir Elmar Məmmədyarov BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə həyata keçirilməsi istiqamətində atılan addımlar barəsində həmsöhbətə məlumat verib. Nazir Azərbaycanın uğurlu ASAN xidmət təcrübəsinin Afrika qitəsi ölkələri ilə bölüşməyə hazır olduğunu və bu xüsusda Afrika İttifaqında ASAN xidmətin təqdimatının keçirildiyini qeyd edib.

Azərbaycanın 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olarkən Afrika qitəsinin problemlərinə xüsusi diqqət ayırdığını deyən Elmar Məmmədyarov Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin qitədə həyata keçirdiyi humanitar layihələrə toxunub və Azərbaycanla Afrika ölkələri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Nazir BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2017-2019-cu illər üzrə üzvü kimi Azərbaycanın bu sahədə BMT-nin fəaliyyətinə öz töhfəsini verdiyini diqqətə çatdırıb.

Görüş əsnasında Azərbaycan və BMT-nin Afrika üzrə İqtisadi Komissiyası arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb və Cənub-Cənub əməkdaşlığının əhəmiyyəti qeyd olunub.

NÜBAR NİYAZİQIZI//ATV.az