Türk Şurasına üzv dövlətlərin VI görüşü Protokol imzalandı

Baxış sayı: 143

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərinin iqtisadiyyat nazirlərinin VI görüşü keçirilib.

ATV.az-ın məlumatına görə, tədbirə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin (Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan) 50-dən çox nümayəndəsi iştirak edib. Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında iqtisadi əlaqələrə, əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb. Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, 2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türk Şurasının üzv ölkələr ilə ticarət dövriyyəsinin həcmi 1,9 milyard dollar təşkil edib. Azərbaycan tərəfindən Türkiyəyə qoyulan investisiyaların məbləği 8 milyard dollar, Qazaxıstana isə 190 milyon dollar olub. Türkiyənin Azərbaycana investisiyaları 10 milyard ABŞ dolları, Qazaxıstanın isə ölkəmizə yatırdığı sərmayələr 67 milyon ABŞ dolları təşkil edir.

Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybekçi ölkəsinin iqtisadiyyatı, üzv ölkələr arasında mövcud iqtisadi və ticarət əlaqələrinin daha da genişləndirilməsi imkanları barədə məlumat verib və bu günkü görüşün türkdilli dövlətlər arasında iqtisadi əməkdaşlığın inkişafında əhəmiyyətli olacağını bildirib. Nihat Zeybekçi həmçinin, ticarət, turizm, gənclər, idman və s. sahələrdə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. Qazaxıstanın Milli iqtisadiyyat nazirinin müavini Aydar Arifxanov ölkəsinin iqtisadiyyatı, biznes və investisiya imkanları, nəqliyyat və tranzit potensialı barədə məlumat verən Aydar Arifxanov türkdilli ölkələri Qazaxıstanın tranzit imkanlarından faydalanmağa, ölkəsində birgə müəssisələr yaratmağa, ticarət əlaqələrini genişləndirməyə dəvət edib, Türk Şurasının əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli platforma olduğunu vurğulayıb.

Qırğızıstanın İqtisadiyyat nazirliyinin stats katibi xanım Ayday Kurmanova türkdilli ölkələrin Qırğızıstana investisiya yatırdığını, iqtisadiyyatın müxtəlif sahələrində iştirak etdiklərini bildirib. Ayday Kurmanova bu günkü görüşün türkdilli ölkələr arasında əlaqələrin dərinləşdirilməsinə imkan yaratdığını diqqətə çatdırıb. Türk Şurasının Baş Katibi Ramil Həsənov çıxışında təşkilatın fəaliyyəti, görülən işlər barədə məlumat verib, türkdilli ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsi dair təkliflər səsləndirib. Sonra Türk Şurası Katibliyinin iqtisadiyyat üzrə işçi qrupunda bir gün əvvəl müzakirə edilən məsələlər barədə məlumat verilib, müzakirələr aparılıb, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlərinin iqtisadiyyat nazirlərinin VI görüşünün yekununa dair Protokol imzalanıb.

Günay Məryəm / ATV.az