Azərbaycanın 150-dən çox ölkə ilə ticarət əməkdaşlığı var

Baxış sayı: 161

Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (İCD) təşkilatçılığı ilə Beynəlxalq İnvestisiya Konfransı keçirilib.

ATV.az-ın məlumatına görə, tədbirdə 24 ölkədən kənd təsərrüfatı, ərzaq, sənaye, maliyyə xidmətləri, təhsil və turizm sahələrində fəaliyyət göstərən 200-ə yaxın iş adamı iştirak edib. Konfransın keçirilməsində əsas məqsəd iş adamlarını Azərbaycana investisiya qoyuluşu imkanları ilə tanış etmək, konkret layihələr üzrə müzakirə aparmaqdır. Konfransda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, İslam ölkələri Azərbaycanın əsas problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini müxtəlif səviyyələrdə daim dəstəkləyir, işğalçı Ermənistandan torpaqlarımızı azad etməyi tələb edirlər. Gələn il Azərbaycanda keçiriləcək İslam Həmrəylik Oyunları da islam ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verəcək.

Nazir bildirib ki, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan 150-dən çox ölkə ilə ticarət sahəsində əməkdaşlıq edir. Sonra "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Konfrans çərçivəsində Azərbaycanda sabit investisiya mühitinin yaradılması, ölkəmizin investisiya imkanları və Azərbaycanda fəaliyyət göstərən xarici investorların təcrübəsinə dair sessiyalar keçirilib.

Günay Məryəm / ATV.az