Azərbaycana 1,5 milyon ədəd ting gətirildi Çindən

Baxış sayı: 507

Azərbaycanda baramaçılığın gələcək inkişafının təmin edilməsində ipəkqurdunun yem bazasının bərpa olunmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, rayonlarda yeni intensiv tipli tut (çəkil) bağlarının salınması məqsədi ilə 1,5 milyon ədəd tut tinglərinin alınması üçün Çin Xalq Respublikasının "Shandong Guangtong Silkworm Eggs Co" LTD şirkəti ilə tender müqaviləsi bağlanılıb.

ATV.az-ın Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbərinə görə, müqavilənin şərtlərinə uyğun olaraq bu gündən şirkət tərəfindən tədarük edilmiş 1,5 milyon ədəd tut tingləri hava nəqliyyatı vasitəsi ilə respublikamıza gətirilib. Respublikaya gətirilən tut tinglərindən ibarət yüklərin bu gün Heydər Əliyev adına Hava Limanından Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanan bölgü əsasında, ayrılan nəqliyyat vasitələri ilə operativ surətdə Lənkəran, Tovuz, Şəki, Bərdə və Ucar rayonlarına yola salınıb və sonradan bölgüyə uyğun olaraq bu rayonlardan ətraf 37 rayona paylanılacaq.

Yeni çəkil bağlarının salınmasında və əkilmiş tinglərə aqroteniki qulluq işlərinin həyata keçirilməsində yerli bağbanlara metodiki köməklik göstərilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən müvafiq video tövsiyələr, bukletlər, yaddaş vərəqələri  və digər maarifləndirici materiallar hazırlanıb və Çin şirkətinin mütəxəssisləri respublikaya dəvət ediliblər. Eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinin və Çin şirkətinin mütəxəssisləri birlikdə fermer və sahibkarlara metodiki tövsiyələr verəcəklər.

Qeyd edək ki, gətirilən çəkil tingləri beynəlxalq standartlara cavab verən, 2 illik calaq olunub, həm daşınmasını asanlaşdırmaq, həm də sükunət dövrünü başa vurmaq məqsədilə kök boğazından 50 sm olmaqla kəsilib hazırlanıb. 

Günay Məryəm / ATV.az