Azərbaycanın turizm imkanları Türkiyə jurnallarında

Baxış sayı: 91

Bu ilin fevral ayında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Türkiyədə fəaliyyətə başlayan “Gateway” şirkəti tərəfindən ölkəmizin turizm potensialının tanıdılması istiqamətində addımlar atılır.

ATV.az-ın məlumatına görə, “Girişim” iqtisad jurnalının noyabr sayında Mədəniyyət və Turizm Nazirliyinin Türkiyədəki turizm təmsilçiliyinin icraçı direktoru Nurlana Çakmakın Azərbaycan haqqında geniş müsahibəsi yer alıb. N.Çakmak bildirib ki, turizm nümayəndəliyi fəaliyyətə başlayandan Azərbaycanın yaxşı bir turizm məkanı olduğunu türkiyəli turistlərə çatdırmağa çalışır. Türkiyəli turistlərin ölkəmizə maraqlarını artırmaq məqsədilə bir sıra mədəni tədbirlər keçirilir.

Müsahibədə qeyd olunur ki, 2016-cı ildə “Multikulturalizm ili” elan olunan Azərbaycanda mədəni müxtəlifliyə xüsusi hörmətlə yanaşılır. Bu da ölkədə xarici turistlərin özlərini tam rahat və təhlükəsiz hiss etmələrinə şərait yaradır: “İndi Azərbaycan ərəb ölkələri, Çin və Yaponiya da daxil olmaqla 10-dan artıq ölkənin vətəndaşları üçün sadələşdirilmiş viza sistemi tətbiq edir. Türkiyə vətəndaşlarına da hava limanlarında viza verilir. Bunun sayəsində Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən turistlərin sayı diqqətçəkən səviyyədə artıb”.

İcraçı direktor qeyd edir ki, turizm təmsilçiliyi hər iki ölkədə davamlı olaraq mədəniyyət və incəsənət sahəsində qarşılıqlı tədbirlər keçirəcək, sənədli filmlər və reklam çarxları hazırlayacaq: “Yaxın vaxtlarda Azərbaycanda da ticarət festivallarının (“shopping festival”) keçirilməsinə başlanılacaq. Bu sahədə Türkiyənin də təcrübəsindən yararlanılacaq. Mövcud lüks hotellərlə yanaşı, 2 və 3 ulduzlu hotellərin sayının artırılması da gündəmdədir. Bu ildən Azərbaycanda “Tax free” sistemi tətbiq olunur”.

Turizm sahəsində fəaliyyət göstərən investorları ölkəmizə dəvət edən N.Çakmak müsahibədə Azərbaycanın enerji resursları ilə zəngin ölkə kimi əsas gəlirlərini neft və qaz hasilatından əldə etdiyini bildirir. İqtisadiyyatın qeyri-neft sektorunda isə turizmin önəmli sahə kimi inkişaf etdiyi qeyd olunur. İki ölkə arasında qarşılıqlı olaraq investisiya yatırıldığı da diqqətə çatdırılır.

Ötən ay Türkiyədəki turizm təmsilçiliyimiz tərəfindən İstanbulda təşkil edilən “Qardaş süfrəsi” adlı tədbir də bu ölkənin bir neçə mətbu orqanında əhatəli işıqlandırılıb. “Klass” jurnalında tədbir haqqında geniş məqalə dərc olunub. Yazıda Azərbaycanın zəngin mətbəxi haqqında oxuculara məlumat verilir. Yazıda 2015-ci ildə Azərbaycanı 2 milyon xarici turistin ziyarət etdiyi, onlardan da 340 min nəfərin Türkiyə vətəndaşı olduğu vurğulanır.

Günay Məryəm / ATV.az