Almaniya tərəfindən 488 milyon dollar investisiya...

Baxış sayı: 334

Bakıda Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan yüksək səviyyəli İşçi Qrupun 6-cı iclası keçirilib.

ATV.az-ın məlumatına görə, iclasa Azərbaycan tərəfindən İqtisadiyyat Nazirliyinin Aparatının rəhbəri Samir Vəliyev, Almaniya tərəfindən isə Federal İqtisadi Məsələlər və Enerji Nazirliyinin xarici iqtisadi siyasət üzrə baş direktoru Ekard Franz həmsədrlik edib. İqtisadiyyat Nazirliyinin Aparatının rəhbəri, İşçi Qrupun həmsədri Samir Vəliyev bildirib ki, hazırda Azərbaycanda 169 alman şirkəti fəaliyyət göstərir. Almaniya tərəfindən əsas kapitala 488,3 mln. ABŞ dolları, o cümlədən qeyri-neft sektoruna 405,4 mln. ABŞ dolları həcmində investisiya qoyulub.

Almaniya şirkətləri ölkəmizdə həyata keçirilən layihələrdə podratçı kimi də fəal iştirak edirlər. Ticarət əlaqələri də ölkələrimiz arasında əməkdaşlığın vacib istiqamətlərindəndir. Sumqayıt Kimya Sənaye Parkında yeni tikilən peşə məktəbində alman modelində peşə təhsilinin yaradılması üzrə iş davam edir. Tvinninq layihəsi üzrə əməkdaşlıq çərçivəsində 11 layihə icra olunub və hazırda 3 layihənin icrası üzrə işlər görülür. Menecer təlimi sahəsində əməkdaşlıq proqramı çərçivəsində 2009-2016-cı illərdə 300-ə yaxın sahibkar və gənc menecer Almaniyada ixtisasartırma kursu keçib.

Almaniyanın Federal İqtisadi Məsələlər və Enerji Nazirliyinin xarici iqtisadi siyasət üzrə baş direktoru, İşçi Qrupun həmsədri Ekard Franz Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun 6-cı iclası çərçivəsində müzakirə edilən məsələlərin Almaniya və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağına əminliyini vurğulayıb, Almaniya iqtisadiyyatına və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb.

Günay Məryəm / ATV.az