Emin Mirabdullayevin soyuq “Məmə”si və ya premyera barəsində bir neçə söz

Baxış sayı: 2042

Ötən axşam Rus dram teatrında geniş kütlədə klipmeyker kimi tanınan rejissor Emin Mirabdullayevin “Məmə” tamaşasının premyerası oldu. Tanınmış yazıçı Natiq Rəsulzadənin o qədər də tanınmamış əsərini səhnələşdirmək böyük cəsarət tələb etdiyindən, bu tamaşa şəsxən mənim üçün əvvəldən maraq doğururdu. Ən azından adına görə...

Bir şəhər adamı kimi mənə yaxın olan bu ad hər bakılı üçün doğmadır desək, yanılmarıq.  Düşünürdüm ki, rejissor ən azından bu doğmalığı hiss etdirəcək və tamaşanın quruluşu hansı janrda olsa belə, biz “məmə”lik istisini duya biləcəyik. Teatr rəhbərliyinin tamaşaya necə can yandırdığın, necə gözəl dekorasiyalar  və libaslar hazırladığını görüb, onlarında mənim kimi “gözləmə rejimində” olduğunu hiss etdim. Amma...

Mənim bir köhnə dostum demişkən, hər bir işdə əsas fikir bu “əmma”lardan sonra gəlir. Aktyorların oynundan tutmuş səhnəyə işığının quruluşunadək  ən tələbkar tamaşaçını belə qane etsə də, nə rejissorun, nə də pyesin müəllifinin fikri necə deyərlər , mənə “çatmadı”.Bu tamaşa ilə bu ilk baxışdan çox maraqlı görünən tandem nə demək istəyirdi? Baş qəhrəman obrazını niyə bu kökə salmaq lazım idi? Əməkdar artist Mələk Abas-zadəyə sərbəstlik verilməyərək, onu qışqırtmaq, xırıltılı səslə danışdırmaq, hansı məna yükü daşıyırdı? “Məmə”, yəni “ana” adına xas olan nələri biz iki saat ərzində görə bildik? 38 yaşlı, tam sərbəst və kişi xasiyyətli qadın olmaq üçüm mütləq idimi kişi səsi ilə danışmaq? Axı “kişi sözü”nə sahib olmaq üçün qadından nə vaxtdan kişi səsi də tələb olunur? Mələk çox gözəl və peşəkar aktrisadır - buna heç zərrə qədərdə şübhəm yoxdu, lakin onun bu rola uyğunluğu, demək olar ki, sıfır dərəcəsində idi. Murad Məmmədov kimi aktyor oynadığı obraza necə düzgün necə seçilmişdirsə, aktrisanın seçimi bir o qədərdə ugursuz idi. Tam fiaskodan bu rolu yalnız əməkdar aktrisanın peşəkarlığı xilas etdi. Tamaşanın özünə isə yalnız azərbarbaycanca deyilən sözlər  və rəqs nömrələri rəng qatırdı.

Ümumiyyətlə, rejissorun niyə məhz bu pyesə tamaşa qoymaq istəyi şəxsən mənə qaranlıq qaldı. Mirabdullayev kifayyət qədər təcrübəli, zəngin dinyagörüşlü və mədəniyyət aləmində öz sözünü demiş bir rejissordu. Əgər o Natiq Rəsulzadə sənətinin pərəstişkarıdırsa, bizim sevimli yazıçımızın kifayət qədər daha uğurlu əsərləri var - niyə onlara yox, məhz "Məmə"yə müraciət edildi? Bir “məmə”lik duyulmayan “Məmə”ni səhnələşdirmək hansı məntiqə uyğun idi? Bu soyuq qış günündə tamaşaçını, xüsusən də “məmə” sözünə çox həssas yanaşanları belə soyuqqanlıqla görmək istədikləri oyundan məhrum etmək bir az qəddarlıq oldu. Elə deyilmi, cənablar?

Vüqar VÜQARLI

ATV.az