Reymsdə fransız səyyahın XIX əsrdə Bakıda çəkdiyi fotolarının sərgisi açılıb

Baxış sayı: 70

Reyms şəhərinin “Le Vergeur” muzeyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə təşkilatçılığı ilə XIX əsrdə yaşamış fransız səyyah və fotoqrafı Üq Kraftın Bakıda çəkdiyi şəkillərdən ibarət “Bakını kəşf edək. Üq Kraftın Qafqaz səyahətləri” adlı sərgisinin açılışı olub.

ATV.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan paytaxtının yaxından tanıdılması məqsədilə keçirilən sərgidə fransız fotoqrafının 1896-1898-ci illərdə Bakıda çəkdiyi şəkillərlə bərabər onun müasir inkişafını əks etdirən fotoları da nümayiş olunur.

“Le Vergeur” muzeyinin meneceri Jan-Fransua Kornu tədbiri giriş sözü ilə açaraq Üq Kraft və onun Bakıya səyahəti haqqında məlumat verib, sərginin unikal fotoşəkillərdən ibarət olduğunu deyib.

Səfir Rəhman Mustafayev paytaxt Bakının yaxından tanınması üçün belə bir layihənin həyata keçirilməsini yüksək qiymətləndirərək, sərginin təşkilatçılarına təşəkkürünü bildirib. İpək Yolu üzərində, Xəzər dənizi sahilində yerləşən Bakının tədricən ənənə və müasirliyin birləşdiyi kosmopolit şəhərə çevrildiyin bildirən diplomat sərginin ölkəmizin müasir inkişaf prosesini, fotoların paytaxtın orta əsrlər və müasir memarlıq abidələrini, XIX əsrin sonlarında yerli əhalinin gündəlik həyat tərzini əks etdirdiyini diqqətə çatdırıb. O, iştirakçılara Bakının tarixi və mədəni irs abidələri haqqında da məlumat verərək onları Bakıya səyahət etməyə dəvət edib.

“2012-ci ildən başlayaraq Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətini Fransanın region və əyalətlərində daha yaxından tanıtmaq məqsədilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsini həyata keçirir. TEAS-ın təşəbbüsü ilə azərbaycanlı cazmenlər 2015-ci ildən Reyms şəhərində “Sunnyside” caz festivalında (Sunnyside Reims Festival) iştirak edirlər. İqtisadi sahədə Reyms–Eperney ticarət palatasında reymsli və azərbaycanlı iş adamlarının görüşü keçirilib. Əməkdaşlığın yüksələn xətlə inkişafı Reyms şəhəri, xüsusilə də Fransa ilə Azərbaycan arasındakı birgə fəaliyyəti əks etdirir”, - deyə səfir vurğulayıb.

Avropa-Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisinin direktoru Mari-Letisiya Qurden təşkilat haqqında məlumat verib və bu sərginin ikiillik tədqiqatın bəhrəsi olduğunu diqqətə çatdırıb. O, fotoqrafiya arxivlərində aparılan işlərdən, Bakının maddi və qeyri-maddi mədəni irs abidələrindən danışıb.

Reyms şəhəri merinin mədəniyyət işləri üzrə müavini Paskal Label, Gürcüstanın Fransadakı səfiri Yekaterina Siradze-Dölone, sərginin elmi və bədii komissarı Ana Çeyşvili çıxış edərək sərgi haqqında fikirlərini bölüşüblər.

Sonra tədbir iştirakçıları Ana Çeyşvilinin bələdçiliyi ilə sərgilənən fotolara baxıblar.

“Le Vergeur” muzeyinin meneceri Jan-Fransua Kornu AZƏRTAC-a bildirib ki, belə sərgilər Azərbaycanı daha da yaxından tanımağa imkan verir. Layihənin müəllifi Ülkər Müllerin səyləri nəticəsində ərsəyə gələn bu sərgi ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdırır. Bizə XIX əsrdə ölkələrimiz arasında olan əlaqələrdən xəbər verir.

Reyms şəhəri merinin mədəniyyət işləri üzrə müavini Paskal Label qeyd edib ki, Üq Kraftın fotoları XIX əsr Bakısını yaxından tanımağa imkan yaradır: “Bu sərgi, həmçinin fotoqrafiyanın əhəmiyyətindən, Bakı ilə Reyms arasındakı əlaqələrin tarixindən xəbər verir. Mədəniyyət sahəsində Azərbaycanla əlaqələrin daha da genişlənəcəyinə inanıram”.

Qeyd edək ki, sərginin keçirildiyi “Le Vergeur” muzeyi fotoqraf Üq Kraftın şəxsi evi olub. Sərgi 2018-ci il fevralın 4-dək davam edəcək.

ATV.az