Azərbaycan Xalça Muzeyinin yaradılmasının 50 illiyi

Baxış sayı: 62

Noyabrın 16-da Azərbaycan Xalça Muzeyində “Xəzinənin yeni inciləri” adlı sərgi açılıb.

ATV.az xəbər verir ki, sərgi Azərbaycan Xalça Muzeyinin yaranmasının 50 illiyi çərçivəsində təşkil edilib.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək muzey əməkdaşlarını təbrik edib. Nazir Azərbaycan xalçasının tarixindən, ölkəmizdə xalçaçılığın inkişafından danışıb: "Xalça bizim mədəniyyətimizin ayrılmaz tərkib

hissəsidir. Xalça ilə bağlı uğurlarımız çoxdur. Dövlət başçısının, ölkənin Birinci vitse-prezidentinin diqqəti və qayğısı nəticəsində bu gün xalçaçılıq sənətimiz dünyada geniş təbliğ edilir. "Azərbaycanın xalçası" sənəti 2010-cu il 15-18 noyabr tarixlərdə Keniya Respublikasının Nayrobi şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin X sessiyasında YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. Bu hadisə Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısı, həmçinin, Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədilə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində mümkün olub. Dövlət başçısan müvafiq göstərişi ilə inşa olunan Azərbaycan Xalça Muzeyinin yeni binasında bu gün ölkəmizin tarixi qorunur. Muzeyin binası paytaxtın ən gözəl memarlıq abidələri sırasındadır. Azərbaycan xalçaçılıq sənətini elmi kitablarda ayrı-ayrı kateqoriyalarda yaşadırıq. Bu gün elmi tədqiqatlar, xalçaçılığa aid elmi kitablar bu sahənin elmi kateqoriyaya aid olduğunu bir daha sübut edir”.

Nazir tədbir çərçivəsində ölkə başçısının müvafiq Sərəncamı ilə təltif olunmuş muzeyin bir qrup əməkdaşına fəxri adların nişan və vəsiqələrini təqdim edib.

Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək son zamanlar rəhbəri olduğu qurumun gördüyü işlərdən, həyata keçirilən layihələrdən, Azərbaycan xalçalarının dünyada tanıdılması və təbliği istiqamətində atılan addımlardan söz açıb.

Muzeydə yer alan tarixi eksponatlardan danışan Ş.Məlikova son iki il ərzində muzeyə xalça, milli geyim, zərgərlik, batika və tikmə nümunələri, habelə arxeoloji qazıntılar zamanı tapılan müxtəlif əşyaların daxil olduğunu deyib.

Vurğulanıb ki, eksponatlar içərisində satın alınmış və ya hədiyyə olaraq qəbul edilmiş əşyalara da yer alır. Sərgidə bu siyahıdan olan yeddi dəyərli eksponat təqdim olunub. Onların arasında - incə tərtibatı ilə seçilən zinət əşyaları, nadir milli geyim nümunələri və XVII əsrin sonu - XVIII əsrin əvvəllərində Şirvanda toxunulmuş böyük dəyərə malik “Şamaxı” xalçası da var. Bu xalça hazırda muzeyin xovlu xalça kolleksiyasının ən qədim eksponatları siyahısındadır. Tarixi və bədii dəyəri ilə yanaşı, xalça muzeyin tarixində xarici hərracda əldə olunan ilk eksponat olması ilə maraqlıdır. Xalça 2017-ci ildə Avstriya auksion şirkətindən (AUSTRIA AUCTION COMPANY) əldə edilib.Diqqətə çatılıb ki, bu xalça öz texniki xüsusiyyətləri, ornamenti, rəng və digər amilləri ilə unikaldır. Onun sıxlığı - kvadrat desimetr üçün 44 x 46 ilmədir. Arğac və əriş ipləri - ipək, xovu - yun, ölçüsü -195 x 430 santimetrdir. Xalça “Bəndi-rumi” və “Xanalı” kompozisiyası əsasında toxunmuş, koloriti isə göy, şəkəri, tünd qırmızı, yaşıl, mavi, qəhvəyi, qara və xardal kimi rəng çalarlarından ibarətdir. Yarpaq, palmetta və "islimi" ornamentlərindən ibarət olan xalçanın kompozisiyası Səfəvilər dövrünün saray xalçalarının ruhunu və Şirvan xalça qrupunun həndəsiləşmiş ornamentlərini əks etdirir

Sonra Xalça Muzeyinə Heydər Əliyev Fondu adından XVIII əsrə aid Azərbaycan xalçası hədiyyə olunub.

Tədbirdə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarov, “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov, “Azərbaycan xalçaçıları” İctimai Birliyinin sədri, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva və başqaları Xalça Muzeyinin yarım əsrlik tarixi inikas yolundan, ölkəmizdə xalça sənətinin inkişafına göstərilən diqqət və qayğıdan və bu istiqamətə görülən işlərdən söz açıblar.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

ATV.az