Ankarada Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə tədbir keçirilmişdir

Baxış sayı: 54

ATV.az mct.gov.az-a istinadən xəbər verir ki, böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə 2017- ci il TÜRKSOY təşkilatı tərəfindən  “Molla Pənah Vaqif ili” elan olunmuşdur.  Bu məqsədlə noyabr ayının 2-də Türkiyə Milli Kitabxanasında beynəlxalq elmi konfrans və Azərbaycan Milli Kitabxanasının fonduna məxsus olan, şairin əsərlərindən ibarət kitab sərgisi təşkil olunmuşdur.  Tədbir çərçivəsində həmçinin “Molla Pənah Vaqif şeirləri dünya dillərində”,  “N.Cəfərov. Molla Pənah Vaqif”, “Molla Pənah Vaqif. Biblioqrafiya” kitablarının təqdimatı olmuşdur.

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Türkiyə Respublikasının mədəniyyət və turizm nazirinin müavini Hüseyn Yayma, Türkiyə Respublikasının Prezidenti R.T.Ərdoğanın müşaviri, keçmiş mədəniyyət və turizm naziri  Yalçın Topçu və digər ziyalıların müşayəti  ilə tədbir iştirakçıları Azərbaycan Milli Kitabxanasının qızıl fondunda qorunan şairin zəngin həyat və yaradıcılığını özündə əks etdirən geniş kitab sərgisi  ilə tanış oldular.  Azərbaycan Milli Kitabxanasının direktor prof. Kərim Tahirov sərgi haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

TÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaş  tədbir iştirakçılarını salamlamış, Molla Pənah Vaqif ili ilə əlaqədar keçirilən tədbirlərdən danışmışdır.

Türkiyə Respublikasının mədəniyyət və turizm nazirinin müavini Hüseyn Yayma çıxış edərək mədəni tədbirlərin daha çox təşkil edilməsinin vacibliyini, bu sahədə TÜRKSOY-un üzərinə daha çox vəzifələrin düşdüyünü qeyd etmişdir.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayib Ərdoğanın müşaviri  Yalçın Topçu çıxış edərək işğal olunmuş və türk dünyasının mədəniyyət beşiyi olan Şuşada şairi anmağı Allahdan bizlərə nəsib etməsini arzulamış, Qarabağın tamlığını, hüriyyətini diləmişdir.

Daha sonra çıxış üçün söz Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə verilmişdir. O,  türk dünyasının bu tədbirə qatılan bütün nümayəndələrini salamlamış, tədbirin keçirilməsinə görə TÜRKSOY təşkilatına, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə və ev sahibliyinə görə Türkiyə Milli Kitabxanasına minnətdarlığını bildirmişdir. Şair haqqında danışan nazir M.P.Vaqif zirvəsinin yüksəkliyini, dahi şəxsiyyətin müxtəlif sahələrdə fəaliyyət göstərdiyini, onun yeni istiqamət açaraq milli ədəbiyyatımızda xüsusi iz qoyduğunu vurğulamış, şairin yaradıcılığının həmişə diqqət mərkəzində və dövlət qayğısı ilə əhatə olunduğunu qeyd edərək hələ 1982-ci ildə ümummilli lider, ulu öndər Heydər Əliyev cənablarının təşəbbüsü ilə Şuşada M.P.Vaqifin məqbərəsinin açıldığını qeyd etmişdir. Bu gün onun məzarının olduğu torpağın bədnam qonşularımızın işğalı altında olmasının bizim üçün böyük narahatçılıq doğurduğunu, şairin məzarının dağıdıldığını qeyd etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Vaqifin, Ü.Hacıbəylinin, Bülbülün və daha neçə-neçə dahi sənətkarlarımızın yubileylərinin Qarabağ torpağında qeyd ediləcəyini imanla bildirmişdir.

TÜRKSOY təşkilatı və Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanmış “Molla Pənah Vaqif şeirləri dünya dillərində”, akademik Nizami Cəfərovun  “Molla Pənah Vaqif” və Milli Kitabxana tərəfindən tərtib olunmuş “Molla Pənah Vaqif. Biblioqrafiya” kitabları haqqında danışan nazir bu əsərlərin bütün türk dünyası üçün böyük töhfə, tədqiqatçılar üçün faydalı vəsait olduğunu bildirmişdir.

 “Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi” adlı konfransda çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili, akademik Nizami Cəfərov M.P.Vaqifin öz ədəbi və siyasi fəaliyyətilə xalqla bağlı mütərəqqi şəxsiyyətlərdən biri оlduğu kimi Azərbaycan ədəbiyyatının yеni istiqamətdə inkişafına kömək еtmiş qüdrətli bir sənətkar olduğunu söyləmiş, Qazi Universiteti Çağdaş Türk Ləhcələri və Ədəbiyyatı fakültəsinin müəllimi Yrd. Doş. Dr. Aysun Demirez Güneri şairin dilinin sadəliyindən, özünəməxsus üslubundan danışmış, yaradıcılığını təhlil edərək Azərbaycan türklərinin ənənələrini yaşatdığını, şeirləri ilə Azərbaycan ədəbi dilini zənginləşdirdiyini  demişdir.O, həmçinin “Molla Pənah Vaqif şeirləri dünya dillərində”,  “N.Cəfərov. Molla Pənah Vaqif”, “Molla Pənah Vaqif. Biblioqrafiya” kitablarının quruluşundan danışaraq, hər üç kitabın böyük türk dünyası üçün önəmli tədqiqat əsəri olduğunu söyləmişdir.

Azərbaycan Yazıçılar Birliyinin Katibi Rəşad Məcid, Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu,  Dünya Yazıçılar və Ziyalılar Dərnəyinin direktoru Osman Baş, yazıçı-tədqiqatçı Songül Dündar şairin yaradıcılığı haqqında məruzələr etmişlər.

 Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov çıxışında  Milli Kitabxananın nəşri olan “Molla Pənah Vaqif. Biblioqrafiya” kitabında 20-dək dildə çap olunmuş əsərlər haqqında materialların bir vəsaitdə toplandığının vacibliyindən və əhəmiyyətindən danışmış, xalqımızın, böyük türk dünyasının ortaq mədəniyyətinin təbliği istiqamətində hər kəsə uğurlar arzulamışdır.

Tədbir boyu Şəms Ələkbərova, Özgür Bacaksız və Muradcan Çətinqaya M.P.Vaqifin şeirlərini səsləndirilmişlər.

Aşıq Səlahəddin Dündarın ifasında mahnılar dinlənilmişdir.

Sonda günün xatirəsi olaraq TÜRKSOY təşkilatı tərəfindən tədbir iştirakçılarına təşəkkürnamə təqdim  olmuşdur.

ATV.az