Müslüm Maqomayevin xatirəsi yad olundu

Baxış sayı: 217

Oktyabrın 25-də mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək vəfatının ildönümündə görkəmli müğənni, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin (1942-2008) məzarını ziyarət etdilər. Dünya şöhrətli musiqiçinin məzarına tər çiçəklər düzüldü, xatirəsi ehtiramla yad olundu.

ATV.az mct.gov.az-a istinadən xəbər verir ki, anım mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirdi ki, musiqi mədəniyyətimizin böyük simalarından olan Müslüm Maqomayev bənzərsiz ifası ilə Azərbaycanı dünyanın bir çox nöqtələrində hər zaman böyük hörmət və məhəbbətlə təbliğ edib, sevdirib: “2008-ci ilin məhz bu günündə böyük sənətkar əbədiyyətə qovuşub. Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq bu il ölkəmizdə Müslüm Maqomayevin 75 illik yubileyi qeyd edilir. Onun yaradıcılığı sovet dönəmində və müstəqillik illərində hər zaman ulu öndər Heydər Əliyevin diqqətində olmuş və onun qayğısı ilə əhatə olunmuşdur. Təsadüfi deyil ki, sənətkar Azərbaycanın ali mükafatlarından “İstiqlal” və “Şərəf” ordenlərinə layiq görülmüşdür. Müslüm Maqomayev dünyasını dəyişdikdən sonra Bakıda musiqi məktəblərindən birinə onun adı verildi, yaşadığı binaya xatirə lövhəsi vuruldu, Moskvada və paytaxtımızda abidəsi ucaldıldı”.

Qeyd olundu ki, Azərbaycan musiqi mədəniyyətində dərin iz qoyan sənətkar gənc yaşlarından beynəlxalq festivalların laureatı olub. Azərbaycan Dövlət Konservatoriyasında Şövkət Məmmədovanın sinfini bitirən Müslüm Maqomayev həm Azərbaycan bəstəkarlarının, həm də dünya musiqisinin incilərini möhtəşəm konsert zallarında məharətlə ifa edib. Zaman keçəcək, nəsillər bir-birini əvəz edəcək, amma Müslüm Maqomayev öz səsi və yaradıcılığı ilə hər bir zaman qədirbilən xalqımızın yaddaşında yaşayacaq.
Nazir müavini onu da bildirdi ki, oktyabr ayının 28-də Heydər Əliyev Mərkəzində sənətkarın yubileyinə həsr olunmuş təntənəli tədbir keçiriləcək.

Rusiya Federasiyasının ölkəmizdəki səfiri Vladimir Doroxin böyük musiqiçinin Azərbaycan ilə Rusiya arasında mövcud olan tarixi dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, mədəni əlaqələrin inkişafına mühüm töhfə verdiyini bildirdi. Vurğulandı ki, onun şöhrəti və səmimiliyi ölümündən sonra belə bu münasibətlərə öz müsbət təsirini göstərməkdədir. Bu il bütün Rusiyada sənətkarın 75 illiyi ilə bağlı çeşidli tədbirlər keçirilir.
Kinorejissor, Xalq artisti Eldar Quliyev uzun illər yaxın dostluq etdiyi Müslüm Maqomayevin əfsanəvi şöhrətindən söz açdı. Musiqiçinin ölümündən bir neçə gün əvvəl yazdığı “Əlvida, Bakı” mahnısının tarixçəsi ilə bağlı xatirələrini dilə gətirdi.

Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov sənətkarın Bakıya sonsuz sevgisindən danışdı. Bildirdi ki, o bütün ömrü uzunu böyüyüb boya-başa çatdığı şəhərinə sadiq idi. Ömrünün son gününə kimi Bakıdakı dostlarına zəng edərək doğma şəhərini və dostlarını xəbər alardı.

Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov Müslüm Maqomayevin bənzərsiz sənətkarlığından, fitri istedadından, zəngin yaradıcılığından bəhs etdi. Onun həm ən çətin ariyaların, həm də lirik estrada mahnılarının ecazkarlıqla səsləndirdiyini diqqətə çatdırdı.  
Xatırladaq ki, Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakıda anadan olub. 1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olan müğənni, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. 1966-cı ildə Parisin "Olimpiya" konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib, bir il sonra Polşanın Sopot şəhərində keçirilən beynəlxalq mahnı festivalında ilk mükafatını qazanıb. 1975-ci ildə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı, Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsert proqramları ilə çıxış edib.

Görkəmli musiqiçi 2008-ci il oktyabrın 25-də Moskvada dünyasını dəyişib. Sənətkarın cənazəsi Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıya gətirilərək Fəxri xiyabanda torpağa tapşırılıb.

ATV.az