Müstəqilliyimizin bərpasının 25 illiyinə həsr olunmuş sərgi

Baxış sayı: 292

Dekabrın 28-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda gənc rəssamların sənət əsərlərindən ibarət rəsm sərgisi açılıb.

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən sərgi müstəqilliyimizin bərpasının 25 illiyinə həsr olunub.

ATV.az xəbər verir ki, tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Vurğulayıb ki, sərgidə Azərbaycan Rəssamlar İttifaqı və Gənc Rəssamlar Birliyinin üzvü olan fırça ustalarının 100-dək sənət əsəri yer alıb. Sərgidə vətənpərvərlik və dövlətçilik mövzusunda olan əsərlərin məna və məzmun baxımından mükəmməlliyinə toxunan F.Xəlilov təqdim edilən hər bir işin özəlliyini xüsusi vurğulayıb.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, sərgi dövlət başçısının təsdiq etdiyi Tədbirlər planına uyğun olaraq təşkil olunub. Belə sərgilərin açılmasının məqsədi gənc nəsildə Vətənə, xalqa və dövlətçilik ideyalarına hörmət hisslərini gücləndirmək, onları milli ruhda tərbiyə etmək, doğma torpağa sədaqət hissini möhkəmləndirmək, hər an Vətənin müdafiəsinə qalxmağa hazırlığı yüksəltməkdən ibarətdir. Sərgidə əsərləri nümayiş olunan fırça ustalarının gələn ilin yanvarında mükafatlandırılması nəzərdə tutulur.

Nazir müavini tədbir çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, tanınmış heykəltəraş-rəssam Arif Qazıyevi 80 illik yubileyi münasibətilə təbrik edib. Həmçinin, tanınmış rəssamlar Kamal Əvəzov və Rafiq Abdullayevə “Fəxri mədəniyyət işçisi” döş nişanları təqdim olunub.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Üç gün davam edəcək sərgidə müstəqilliyimizin bərpasından bu günədək dövlətimizin qazandığı uğurların, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Vətən övladlarının qəhrəmanlıqlarının əks olunduğu rəngkarlıq, qrafika, heykəltəraşlıq və plakat sənəti janrlarında rəsm əsərləri nümayiş etdirilir.