Xalq artisti Əminə Dilbazinin doğum günüdür

Baxış sayı: 627

Xalq artisti Əminə Dilbazi 1919-ci il, dekabrın 26-da  Qazax rayonunda anadan olub.
 
ATV.az xəbər verir ki, o, 1935-ci ildə ilk dəfə səhnəyə çıxaraq, Üzeyir Hacıbəyovun bəstələdiyi "Kolxoz çölləri" mahnısını rəqslə ifa edib. Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Dövlət Rəqs Ansamblının solisti (1936-1939), sonralar isə rəqs qrupunun rəhbəri olub. 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı "Çinar" tələbə rəqs kollektivinə rəhbərlik edib. 1967-ci ildə "Sevinc" qızlar ansamblını yaradıb. 1949-cu ildən Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərib. 1957-ci ildə Moskvada tələbə və gənclərin 6-cı ümumdünya festivalında qızıl medala layiq görülüb.
 
Əminə Dilbazi bir çox filmlərdə rəqslərə quruluş verib. Onun oynadığı "İnnabı", "Tərəkəmə", "Vağzalı", "Turacı", "Naz eləmə" rəqsləri xüsusilə məşhurdur. Repertuarına rus, ukrayna, özbək, ərəb rəqsləri də daxildir. Əminə Dilbazi "Leyli və Məcnun" operasında, "Arşın Mal Alan" və "O olmasın bu olsun" komediyaları və sair əsərlərdə də rəqslərə quruluş verib.
 
2010-cu il aprelin 30-da Bakı şəhərində vəfat edib.
 
ATV.az