“Ömrün səhifələri” kitabının təqdimatı Nəsibə Zeynalova - 100

Baxış sayı: 285

Dekabrın 19-da Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) teatr və kino sənətimizin görkəmli nümayəndəsi, Dövlət mükafatı laureatı, Xalq Artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyinə həsr edilmiş “Ömrün səhifələri” kitabının təqdimat mərasimi keçirilib.

ATV.az xəbər verir ki, ATXİ-nin sədri, Xalq Artisti, professor Azərpaşa Nemət N.Zeynalovanın 100 illik yubiley tədbirlərinin yüksək səviyyədə qeyd olunması ilə əlaqədar Prezident İlham Əliyevin 2016-cı il martın 17-də Sərəncam imzaladığını bildirib. Sərəncama əsasən, ömrünün 60 ilindən çoxunu bu sənətə həsr etmiş N.Zeynalovanın yubileyi münasibətilə mədəniyyət müəssisələrində silsilə tədbirlərin keçirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, kinomuzun və səhnəmizin “Qaynana”sı N.Zeynalova bənzərsiz sənəti ilə milli mədəniyyət tarixinə adını qızıl hərflərlə həkk etdirmiş sənətkarlardandır. O, böyüklü-kiçikli, peşəsindən, vəzifəsindən, dünyagörüşündən asılı olmayaraq hamı tərəfindən eyni məhəbbətlə sevilən, eyni hərarətlə qarşılanan səhnə ustası idi.

Xalq artistləri - Hacı İsmayılov, İlham Namiq Kamal, Arif Quliyev, Ramiz Məmmədov, Ağakişi Kazımov, Canəli Əkbərov, o cümlədən rejissor Məhərrəm Bədirzadə, kinoşünas, Əməkdar İncəsənət Xadimi Aydın Kazımzadə və digər çıxış edənlər N.Zeynalova haqqında xatirələrini bölüşüblər. Qeyd olunub ki, Nəsibə xanım qüdrətli sənətkar kimi parlaq yaradıcılıq yolu keçib və yüksək fitri istedadı sayəsində Azərbaycan mədəniyyət salnaməsində silinməz iz qoyub. Onun milli teatr səhnəsində və ekran əsərlərində insan təbiətinin mürəkkəbliklərini məharətlə canlandırdığı silsilə xarakterlər özünün dərin xəlqiliyi və ifadə vasitələrinin əlvanlığı ilə seçilən nadir sənət inciləridir.

Görkəmli sənətkarın həyatı barədə danışan natiqlər bildiriblər ki, N.Zeynalova Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermedialarda çıxış edib, həmçinin “Azərbaycanfilm”in çoxlu ekran əsərlərində çəkilib. Kino obrazları içərisində N.Zeynalovanın Fatmanisə (“Ögey ana”), Telli (“Böyük dayaq”), Züleyxa (“Ulduz”), Cənnət xala (“Qaynana”), Gülsüm (“Molla Fətəlinin sərgüzəşti”), Əsli xala (“Bəyin oğurlanması”) rolları daha canlı və daha şöhrətlidir.

Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının məsul katibi, teatrşünas, kitabın müəllifi Aidə Qafarova kitabın ərsəyə gəlməsində göstərdikləri köməyə görə Mədəniyyət və Turizm Nazirliyinə və mərhum sənətkarın ailəsinə minnətdarlığını bildirib. Təmsil etdiyi qurumun dünyasını dəyişmiş görkəmli sənətkarlara həsr etdiyi altıncı kitabın “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla, üç dildə çapdan çıxdığını deyən A.Qafarova bildirib ki, 132 səhifəlik kitabda görkəmli sənətkara təqdim olunan fəxri mükafatlar, yubileylərinin keçirilməsi haqqında Sərəncamlar, ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev ilə görüşlərini, rayonlara səfərlərini, afişalarını və ailə üzvlərini əks etdirən 50-dən çox şəkli yer alıb.

Təqdimat mərasimində sənətkarın keçdiyi ömür yolu, yaratdığı rollar videomateriallar vasitəsilə bir daha iştirakçılara təqdim edilib.

Sonda mərhum sənətkarın nəvəsi Nəsibə Əsgərova kitabın müəllifinə, tədbirin təşkilatçılarına və iştirakçılarına ailəsi adından minnətdarlığını bildirib.

Kitabın nüsxələri tədbir iştirakçılarına hədiyyə edilib.

ATV.az