Qəbələdə İsa Peyğəmbərin mövludu qeyd olunub

Baxış sayı: 3553

Bu gün İsa Peyğəmbərin mövludu qeyd olunur. Xristian aləminin ən əlamətdar və təntənəli törənlərindən sayılan Milad bayramında  İsa peyğəmbərin anadan olması qeyd edilir. Dünya xristianları mənsub olduqları məzhəblərdən asılı olaraq, bu bayramı müxtəlif günlərdə (25 dekabr; 6-7 yanvar) keçirirlər.

ATV-nin Şirvan bürosundakı əməkdaşı Samir Cəbiyevin məlumatına görə, Qəbələ rayon Nic qəsəbə sakinləri bu günü özünə məxsus qeyd edirlər. Bəzi mülahizələrə görə, bu tarix ilk xristianların mart ayının 25-də qeyd etdikləri Pasxa və Tanrının bədənləşməsi (İsanın ana bətninə düşməsi) gününün üzərinə 9 ay əlavə edilməsi ilə yaranıb və ən uzun qış gecəsi olan vaxtla üst-üstə düşüb.

Bütün xristian aləmində olduğu kimi, Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udinlər “Milad” bayramını qeyd ediblər. Qəbələnin Nic qəsəbəsindəki “Cotari” alban kilsəsində təşkil olunan bayram mərasimində Alban-udin icmasının rəhbəri, kilsənin keşişi, və icmanın üzvləri çıxış edərək “Milad” bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin diqqət və qayğısından danışıblar. Həmçinin, bayram münasibətilə təbriklər səsləndirilib.

Udilər onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını, Nic kilsəsinin əsaslı şəkildə bərpasını ölkədə tolerantlığa gözəl nümunə olduğunu qeyd edirlər. Çıxışlardan sonra kilsədə şamlar yandırılıb, dualar oxunub.

Xatırladaq ki , Nic Qəsəbəsində  3 kilsə, iki məscid var. Altı min əhalisi olan qəsəbədə 3700 udin yaşayır. Ümumilikdə isə ölkəmizdə 4000 udin yaşayır ki, onların 300-ü Oğuz və Bakıda qeydiyyatdadır. Dünyada yaşayan udinlərin sayı isə 10 minə yaxındır. Qəsəbədə udinlər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar.

Günay Məryəm / ATV.az